arrow

Sağlam qidalanma nədir?

Sağlam qidalanma nədir?
11-06-2025 05:26

1.1. Sağlam qidalanmanın əsas prinsipləri

Balanslı qida: Sağlam qidalanma bədənin ehtiyac duyduğu bütün  maddələrin balanslı şəkildə qəbulunu tələb edir. Bu, karbohidrat, zülal, yağ, vitamin, mineral və su kimi əsas qida qruplarını əhatə edir. Heç bir qida qrupu həddindən artıq istehlak edilməməlidir. Nəzərə almaq lazımdır ki, enerji və qida maddələrinin miqdarı fərdin yaş, cinsiyyət, fiziki fəaliyyət səviyyəsi və sağlamlıq vəziyyətinə uyğun olmalıdır.

Porsiyanın düzgün seçilməsi: Porsiya ölçüsü çox önəmlidir, çünki həddindən artıq istehlak qidalanma balansını pozaraq fərdin sağlamlığına mənfi təsir göstərə, eləcə də çəki artımına səbəb ola bilər. Sağlam qidalanma düzgün porsiyalarla hər qida növünün təyin olunmuş miqdarda qəbulunu tələb edir. Unutmayın ki, effektiv qidalanma üçün hətta sağlam qidalar belə düzgün ölçüdə qəbul edilməlidir.

Müxtəliflik: Sağlam qidalanma müxtəlif növ qidaların istehlakını zəruri edir. Bədənin ehtiyacı olan bütün maddələrin qəbulu üçün hər gün eyni qidaları yeməkdən qaçınmaq və müxtəlif qida qruplarından (meyvə, tərəvəz, protein, kompleks karbohidratlar, sağlam yağlar) faydalanmaq vacibdir.

Qida sıxlığı: Qida sıxlığı yeməyin enerji dəyəri ilə təmin etdiyi qida maddələrinin miqdarı arasındakı əlaqəni ifadə edir. Sağlam qidalanmada kalori sıxlığı aşağı olan, amma qida maddələri baxımından zəngin olan qidalar üstünlük təşkil etməlidir. Yüksək qida sıxlığı olan qidalar (meyvə, tərəvəz, taxıl bitkiləri) daha çox vitamin, mineral və digər faydalı maddələrlə zəngin olsa da daha az kalori ehtiva edir.

Maye qəbulu: Orqanizmin düzgün fəaliyyəti və həzm sisteminin yaxşılaşması üçün su çox vacibdir. Su bədən temperaturunun tənzimlənməsində, toksinlərin təmizlənməsində, qida maddələrinin daşımasında və həzm prosesinin düzgün işləməsində mühüm rol oynayır. Amma nəzərə alın ki, maye qəbulunda şəkərli və qazlı içkilər tövsiyə olunmur. Bunların əvəzində yaşıl çay və mineral su yaxşı alternativ hesab oluna bilər.

1.2. Sağlam qidalanmanın faydaları

Xroniki xəstəliklərin qarşısının alınması: Sağlam qidalanma orqanzimin düzgün fəaliyyət göstərməsi üçün lazım olan qida maddələrini təmin edərək bir çox xroniki xəstəliklərin qarşısını alır. Məsələn, balanslı qidalanma ürək-damar xəstəlikləri, diabet, yüksək təzyiq və bəzi növ xərçəng xəstəliklərinin riskini azaldır. Şəkər və işlənmiş qidaların istehlakının azaldılması isə qan şəkəri və insulin səviyyəsinin nəzarətdə saxlanmasına kömək edir.

Çəkinin idarə olunması:  Sağlam və balanslı qidaların düzgün porsiyada qəbulu çəkinin tənzimlənməsini asanlaşdırır. Sağlam qidalanma orqanizmə lazım olan qida maddələrini düzgün miqdarda təmin etməklə artıq yağların toplanmasının qarşısını alır. Bununla yanaşı, toxluq hissi yaradır ki, bu da çəkinin balansda saxlanılmasını asanlaşdırır.

Enerji və əhval-ruhiyyənin artırılması: Sağlam qidalanma bədənin enerji ehtiyacını qarşılayaraq gün ərzində daha məhsuldar olmağa kömək edir. Vitamin, mineral və kompleks karbohidratlar bədənin davamlı olaraq enerji ilə təmin edilməsini dəstəkləyir. Eyni zamanda, sağlam qidalar beyində xoşbəxtlik hormonları olaraq bilinən serotonin və dopaminin səviyyəsinin artmasına kömək edir. Bu da əhval-ruhiyyəni yaxşılaşdırır, stres və gərginliyi azaldır.

İmmunitet sisteminin gücləndirilməsi: Sağlam qidalanma immunitet sisteminin normal fəaliyyətini dəstəkləyir. Vitaminlər (C, D, A) və minerallar (sink, dəmir, selen) bədənin infeksiyalara qarşı mübarizə qabiliyyətini artırır. Meyvə və tərəvəzlər, eləcə də antioksidanlarla zəngin qidalar hüceyrə sağlamlığını qoruyur, iltihab riskini azaldır. Odur ki, düzgün qidalanma ilə immunitet sistemini gücləndirərək soyuqdəymə və digər infeksiyaların qarşısını almaq mümkündür.