arrow

Kodeks Alimentarius nədir

Kodeks Alimentarius nədir
10-06-2025 11:57

Kodeks Alimentarius (latın dilindən tərcümədə - Qida kodeksi) qida təhlükəsizliyi və qida məhsullarının qlobal ticarəti üçün mühüm əhəmiyyət kəsb edən, beynəlxalq səviyyədə qəbul edilmiş təlimatları, ümumi prinsipləri, həmçinin ümumi və xüsusi standartları (Kodeks mətnləri) əhatə edən, vahid bir formada tərtib edilən sənədlər toplusudur. Kodeks Alimentarius dünya üzrə qida məhsullarının təhlükəsizliyini və keyfiyyətini təmin etmək, eyni zamanda, idxal-ixracını asanlaşdırmaq üçün yaradılmışdır. 

Kodeks Alimentariusun əsas prinsiplərini istehlakçıların sağlamlığının qorunması, elmi əsaslı yanaşma, beynəlxalq əməkdaşlığın təmin edilməsi və ədalətli ticarət praktikalarının təşviqi təşkil edir. Sözügedən prinsiplər çərçivəsində Kodeks Alimentarius üç mühüm funksiyanı yerinə yetirir:

  • Qlobal qida standartları: Kodeks mətnləri qida təhlükəsizliyi və keyfiyyətinin təmin edilməsi sahəsində dünya ölkələrində vahid yanaşmanın formalaşmasına kömək edir. 
  • İstehlakçı etimadının artırılması: İstehlakçıların Kodeks standartlarına uyğun məhsulların təhlükəsiz və keyfiyyətli olduğuna əmin olmasına şərait yaradır.
  • Ticarət maneələrinin azaldılması: Beynəlxalq qida ticarətində texniki maneələrin aradan qaldırılmasına və ədalətli rəqabət şəraitinin yaradılmasına dəstək verir.

Qeyd olunanlarla yanaşı Kodeks mətnlərinin hazırlanması zamanı ən son elmi araşdırmaların nəticələrinin istifadə edilməsi və ya sırf bu istiqamətdə tədqiqatların aparılması Kodeks Alimentariusu qida təhlükəsizliyi sahəsində bütün dünyada istinad mənbəyinə çevirmişdir. Bundan əlavə, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Sanitar və Fitosanitar Tədbirlər haqqında Sazişində (SPS Sazişi) Kodeks Alimentariusa bilavasitə istinad edilməsi, Kodeksin qida məhsullarının idxal-ixracı ilə bağlı mübahisəli məsələlərin həllində böyük təsir imkanları əldə etməsinə gətirib çıxarır. Belə ki, Kodeks Alimentarius tərəfindən müəyyən edilmiş qida təhlükəsizliyi tədbirlərindən daha sərt tədbirlər tətbiq etmək istəyən ÜTT üzvləri, bu tədbirləri elmi yollarla əsaslandırmaq zərurəti ilə qarşılaşır. 

Kodeks Alimentariusun yaradılması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşəbbüsü olmuşdur. 1963-cü ildə isə FAO və ÜST tərəfindən Kodeks Alimentariusun ilk dəfə qəbul edilməsi, Kodeks mətnlərinin hazırlanması, təsdiqlənməsi və tənzimlənməsi məqsədilə Kodeks Alimentarius Komissiyası təsis edilmişdir. Kodex Alimentarius Komissiyası öz fəaliyyətinin təşkil edilməsi, həmçinin Kodeks mətnlərinin hazırlanması və yenilənməsi zamanı elmi əsaslı qərarvermə mexanizmlərinə, həmçinin şəffaflıq, inklüzivlik, eləcə də obyektivlik prinsiplərinə əsaslanır. Kodeks Alimentarius Komissiyası beynəlxalq bir qurum olmaqla öz illik sessiyalarında 188 üzv ölkə, 1 üzv təşkilat, 241 müşahidəçi, 59 hökümətlərarası təşkilat, 166 qeyri-hökümət təşkilatı və 16 BMT təşkilatına ev sahibliyi edir. 

Azərbaycan 2011-ci il tarixində Kodeks Alimentarius Komissiyasına üzv olaraq qəbul edilmişdir. 2018-ci ildən isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə Kodeks Alimentariusa dair əlaqələndirici qurum seçilmişdir. Kodeks Alimentarius Komissiyası ilə olan əməkdaşlıq ölkəmizdə qida məhsullarının beynəlxalq standartlara uyğunluğunu təmin etməklə yanaşı, "Made in Azerbaijan" brendi altında istehsal olunan qida məhsullarının dünya bazarına çıxışını asanlaşdırmağa xidmət edir.

Qeyd olunanlardan aydın olur ki, Kodeks Alimentarius beynəlxalq səviyyədə qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsində əvəzsizdir. Onun qlobal miqyasda tətbiqi təkcə istehlakçıların sağlamlığını qorumaqla kifayətlənmir, həm də qida təhlükəsizliyi sahəsində keyfiyyət standartlarının yüksəldilməsinə kömək edir, milli qanunvericiliklərin harmonizasiyasına töhfə verir və beynəlxalq ticarətə şəffaflıq gətirir. Bunun nəticəsində həm qlobal səviyyədə qida təhlükəsizliyi gücləndirilir, həm də qida bazarlarında dayanıqlı inkişaf təmin edilir.