
Kodeks Alimentarius yaradıldığı vaxtdan etibarən istehlakçılar, qida məhsullarının istehsalçıları, qida təhlükəsizliyi və keyfiyyətinə nəzarət edən milli qurumlar, eləcə də beynəlxalq səviyyədə qida məhsullarının ticarəti ilə məşğul olan bütün tərəflər üçün mühüm qlobal istinad mənbəyinə çevrilmişdir.
Kodeks Alimentariusun dünya ölkələrinin milli qida siyasətinə göstərdiyi təsiri olduqca mürəkkəb və önəmlidir. Bununla əlaqədar olaraq, inklüzivliyin təmin edilməsi məqsədilə ölkənin Kodeks mətnlərinin layihələrinə dair mövqeyi tam formalaşana qədər bütün maraqlı tərəflərin məlumatlandırılması məsləhətlidir. Bu prosesin səmərəli şəkildə həyata keçirilməsi Milli Kodeks Komissiyasının (MKK) əsas vəzifələrindən biridir. MKK ölkənin müxtəlif maraqlı tərəflərinin Kodeks Alimentarius Komissiyasının fəaliyyətlərində milli səviyyədə fəal iştirakını təşviq edən əsas struktur kimi çıxış edir.
Ölkəmizdə MKK Kodeks Alimentariusla bağlı fəaliyyətlərdə daha aktiv iştirakın təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, qida təhlükəsizliyi ilə bağlı ölkə mövqelərinin formalaşdırılması məqsədilə təsis edilmişdir. Bundan əlavə MKK qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin qorunmasına, bu sahədə elmi əsaslı qərarvermə proseslərinin təkmilləşdirilməsinə, eləcə də beynəlxalq və milli standartların uyğunlaşdırılmasına elmi dəstək göstərilməsi vəzifələrini də yerinə yetirir.
MKK Kodeks Alimentarius Komissiyası ilə birbaşa əlaqəsi olmayan və ya onun sessiyalarında iştirak imkanı məhdud olan tərəfdaşlara (aidiyyəti dövlət qurumları, elm və təhsil müəssisələri, ictimai təşkilatlar və özəl sektor nümayəndələri) sessiyada qaldırılacaq məsələləri müzakirə etmək və bu barədə öz fikirlərini bildirmək imkanı yaradan vacib bir platforma rolunu oynayır.
Bundan əlavə, MKK qida və yem məhsullarının təhlükəsizliyi sahəsində elmi araşdırmalar aparılması, potensial risklərin qiymətləndirilməsi, həmçinin beynəlxalq və milli səviyyədə aparılan tədqiqatları izləyərək müvafiq texniki normativ hüquqi akt layihələrinin müzakirəsi, eləcə də təkmilləşdirilməsi üçün aidiyyəti qurumlarına təkliflər təqdim edilməsi vəzifələrini həyata keçirir.
MKK qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinin təmin edilməsi sahəsində beynəlxalq standartlara uyğun siyasətin formalaşdırılmasına və ölkəmizin qida təhlükəsizliyi sisteminin gücləndirilməsinə mühüm töhfə verir. Şəffaflıq, peşəkarlıq və elmi əsaslı qərar qəbul etmə prinsipləri əsasında fəaliyyət göstərən MKK ölkənin qida təhlükəsizliyi sahəsində beynəlxalq nüfuzunun artırılmasına dəstək olur.