arrow

Kodeks Alimentarius Komissiyasının yeni sədri və sədr müavinləri müəyyən edildi

Kodeks Alimentarius Komissiyasının yeni sədri və sədr müavinləri müəyyən edildi
30-11-2024 12:01

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində 25-30 noyabr 2024-cü il tarixində keçirilən Kodeks Alimentarius Komissiyasının 47-ci sessiyasında, Keniya Kənd Təsərrüfatı və Heyvandarlıq İnkişafı Nazirliyinin Baytarlıq Xidmətləri Direktoru cənab Allan Azegele, yekdilliklə Komissiyanın 21-ci sədri seçildi. Cənab Azegele bu rolu qəbul etməkdən dərin şərəf hissi duyduğunu və Kodeksin inklüzivlik və şəffaflıq prinsiplərinə sadiq qalacağını bildirdi. O, həmçinin Kodeksin qlobal qida təhlükəsizliyi və ticarətində əsas rolunu vurğulayaraq, Kodeks Alimentarius Komissiyasının sədri olaraq əsas məqsədinin, Kodeksin qlobal qida sisteminin təməli olaraq qalmasını təmin etmək olacağını qeyd etdi.

Sözügedən sessiyada, altı namizəd arasında keçirilən seçkilərdə Çin Xalq Respublikasından xanım Jing Tian, Səudiyyə Ərəbistanından cənab Khalid Al Zahrani və Türkiyədən xanım Betül Vazgeçer sədr müavini vəzifəsinə layiq görüldülər.

Xanım Jing Tian üzv ölkələrin etimadına görə onlara səmimi təşəkkürünü bildirdi. Cənab Al Zahrani Komissiya üzvlərinə göstərdikləri dəstək üçün minnətdar olduğunu və sədr müavini olaraq vəzifələrini yerinə yetirmək üçün çox çalışacağını dedi. Xanım Betül Vazgeçer bütün Kodeks üzvlərinə təşəkkür edərək qərəzsizlik, kompromis, insan sağlamlığının qorunması və elmi əsaslı qərarvermə prinsipləri əsasında fəaliyyət göstərəcəyini vurğuladı.

Yeni seçilən sədr və sədr müavinləri, Kodeksin qlobal qida təhlükəsizliyi və ticarətindəki rolunu gücləndirmək və üzv ölkələr arasında əməkdaşlığı artırmaq üçün birgə çalışacaqlar.