
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri cənab Ramazan Nəbiyevin, Kodeks Alimentarius Komissiyasının 60 illiyinə həsr edilmiş 2023-cü il nəşrində "Kodeksin əlaqələndirici şəxsinin bir günü" başlıqlı müsahibəsi dərc olunmuşdur.
Müsahibədə R. Nəbiyev, Kodeksin ölkəmizdəki əlaqələndirici şəxsi olaraq gündəlik fəaliyyətləri və qarşılaşdığı çətinliklərdən bəhs edir. O, qida təhlükəsizliyi standartlarının beynəlxalq səviyyədə tətbiqinin vacibliyini vurğulayaraq, bu sahədə Azərbaycanın rolunu və töhfələrini qeyd etmişdir.
Cənab Nəbiyev, əlaqələndirici şəxs olaraq əsas vəzifələrinin qida təhlükəsizliyi ilə bağlı beynəlxalq standartların ölkədə tətbiqini təmin etməyə dəstək vermək və bu sahədə milli qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılmasına yardım göstərmək olduğunu bildirmişdir. O, həm də, yerli istehsalçıların və ixracatçıların beynəlxalq bazarlara çıxışını asanlaşdırmaq üçün Kodeks standartlarının əhəmiyyətini xüsusilə qeyd etmişdir.
Bundan əlavə R. Nəbiyev beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin və məlumat mübadiləsinin vacibliyini vurğulamış və bu əməkdaşlığın qida təhlükəsizliyi sahəsində ən son yeniliklərdən xəbərdar olmaq və ölkədə tətbiq etmək üçün əhəmiyyətli olduğunu qeyd etmişdir. O həmçinin, əlaqələndirici şəxs olaraq ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs edərəki qida təhlükəsizliyi mövzusunda seminar, təlim və kompaniyaların təşkil olunduğunu və bu tədbirlərin ictimaiyyətin məlumatlılığını artırmaq üçün vacib olduğunu vurğulamışdır.
Müsahibənin sonunda, cənab Nəbiyev, Kodeksin ölkəmizdəki əlaqələndirici şəxsi olaraq qarşıda duran hədəflərdən danışmış və qida təhlükəsizliyi sahəsində beynəlxalq standartların tətbiqinin daha da genişləndirilməsi və bu sahədə Azərbaycanın nüfuzunun artırılması üçün səylərin davam etdiriləcəyini bildirmişdir.