arrow

Haqqımızda

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs (bundan sonra – İnstitut) “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanına əsasən yaradılıb.

AQTI
AQTI
AQTI
AQTI
AQTI
AQTI
AQTI
AQTI
AQTI
AQTI
AQTI
AQTI
AQTI
AQTI
AQTI

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs (bundan sonra – İnstitut) “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanına əsasən yaradılıb. 01 iyul 2018-ci il tarixində fəaliyyətə başlayan İnstitut Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

İnstitutun fəaliyyətinin əsas məqsədi əldə edilmiş bilik və bacarıqlardan düzgün istifadə olunması, qida təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsidir. 

İnstitutun fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında” Qanunu və digər qanunlar, Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, digər normativ hüquqi aktlar və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsi rəhbər tutulur. 

İnstitutda qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılması, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim olunması, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqinin təmin edilməsi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsi həyata keçirilir. 

İnstitutda sahibkarlar, dövlət qurumları və vətəndaşlar üçün müxtəlif istiqamətlərdə xidmətlər göstərilir. Bunlara laborator xidmətlər, təlimlər, məsləhət, qiymətləndirmə və layihələndirmə daxildir. Belə ki, İnstitutun Bakı şəhəri və Abşeron rayonu üzrə 7, regionlarda isə 10 laboratoriyası fəaliyyət göstərir. Həmçinin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasının tabeliyində 2+ biotəhlükəsizlik səviyyəsinə uyğun 3 Mobil Səhra Laboratoriyası və 1 Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası var. Bu laboratoriyalar qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də kompleks tədqiqatlar istiqamətində fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. İnstitut tərəfindən təşkil olunan təlimlər HACCP planının hazırlanması, qida məhsullarının izlənilməsi, laboratoriya, təhlükələrin analizi, GMP-Qabaqcıl istehsalat təcrübələri, gigiyena, daşınma və saxlanma qaydaları ilə bağlıdır. Məsləhət və qiymətləndirmə xidmətləri isə ölkə ərazisində qida sahəsində fəaliyyət göstərən müəssisələrin standartları və belə obyektlərin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması ilə əlaqədardır. Bununla yanaşı, İnstitut tərəfindən respublikamıza qida məhsulları idxal edilən xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin yerində və onlayn qiymətləndirilməsi də aparılır. Müəssisələrin  qida təhlükəsizliyi baxımından Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu yoxlanılır. Nəticələr baxılmaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunur. İnstitut tərəfindən qida sahəsində fəaliyyət göstərən müəssisələrin yerli və beynəlxalq standartların tələblərinə uyğun layihələndirilməsi, eləcə də qida təminatı müəssisələrinin çalışma sahələrinin bölgüsü ilə bağlı işin təşkil edilməsi istiqamətində də işlər görülür. 


Qeyd olunanlarla yanaşı, İnstitutda qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi həyata keçirilir. Proses qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edən “Ulduz-reytinq” layihəsi çərçivəsində aparılır. Reytinq təsnifatı 3, 4, 5 ulduz olmaqla həyata keçirilir. Könüllü müraciətlər əsasında aparılan yoxlamalar zamanı müsbət nəticə əldə edən ictimai iaşə obyektləri 1 il müddətinə müvafiq sertifikatla təmin olunur. Sertifikat almış obyektlər İnstitutun xidmət və imkanlarından yararlana bilir və digər üstünlüklər qazanır. Həmçinin İnstitut tərəfindən ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqları həyata keçirilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təşkil edilən sınaqların məqsədi laboratoriyalar üçün səriştəliliklərini qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir. 

İnstitutda keyfiyyət idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, onların effektiv tətbiq olunması, işçi heyətin səriştəliliyinin artırılması və nəticələrin etibarlılığının təmin edilməsi məqsədilə müvafiq standartlar üzrə fəaliyyətlər həyata keçirilir, əməkdaşların təlimlərdə iştirakı təmin olunur. Müvafiq istiqamətlərdə beynəlxalq qurumlarla sıx əməkdaşlıq edilir. İnstitutun laboratoriyalarında müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik sınaqlarında fərqli parametrlər üzrə müayinələr aparılır və uğurlu nəticələr əldə edilir. Həmçinin aparılan işlərin nəticəsidir ki, İnstitut Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunub. Bununla da, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının islam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir.