
1. Ümumi müddəalar
1.1. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs (bundan sonra – İnstitut) “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanına əsasən yaradılan və qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqinin təmin edilməsini, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirən Azərbaycan Respublikası Qida Təhlükəsizzliyi Agentliyinin (bundan sonra – Agentlik) strukturuna daxil olmayan tabeliyindəki qurumdur.z
1.2. İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.
1.3. İnstitut öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. İnstitutun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.