
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu istehsal etdikləri qida məhsulları respublikamıza idxal olunan xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin yerində və onlayn qiymətləndirilməsini həyata keçirir.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılan qiymətləndirmə zamanı müəssisələrin ixrac potensialı, gigiyenik vəziyyəti, qida təhlükəsizliyi üzrə tələblərin qarşılanma səviyyəsi, məhsulların izlənəbilmə sistemlərinin mövcudluğu və digər məqamlar nəzərdən keçirilir, təhlillər aparılır. Qiymətləndirmənin nəticələri baxılmaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilir. Agentlik tərəfindən qiymətləndirmənin nəticələrinə əsasən, xaricdə fəaliyyət göstərən müəssisə təsdiq olunur və ya təsdiqdən imtina edilir.
Qiymətləndirmənin aparılması ilə bağlı xərclər həmin obyektlərə cavabdeh olan qida subyektlərinin və ya səlahiyyətli nümayəndəsinin vəsaiti hesabına ödənilir. Xarici qida obyektləri təsdiq olunmadığı təqdirdə, bu cür müəssisələrdən ölkəyə yüksək risk qrupuna aid heyvan mənşəli qida məhsulları idxal edilə bilməz.