
Allergik reaksiyalara 170 növ qida məhsulunun səbəb olduğu müəyyən edilib. Bunlardan süd, yumurta, dəniz məhsulları, buğda, soya və küncüt toxumu tərkibində allergenlər olan əsas qidalar sırasına aid edilir. Qoz, fındıq, badam, fıstıq, yerfındığı və digər çərəzlər də tərkibində allergenlər olan qidalar hesab edilir.
Bəzi allergiyalardan fərqli olaraq çərəzlərə qarşı yaranan allergiya insanın ömrü boyu qalır. Bu allergiya ciddi fəsadlara səbəb olur. Yerfındığı ölümcül reaksiyalara səbəb ola biləcək allergenlərə aiddir. Yerfındığına qarşı allergiyadan uşaqların 4-8, yetkin insanların 1-2 %-i əziyyət çəkir.
İnək südünə qarşı allergiya 2 yaşlı uşaqlar arasında ən geniş yayılmış allergiyadır. İnək südünə qarşı allergiyası olan şəxslərdə bu məhsulun istehlakından 5-30 dəqiqə sonra allergiya əlamətləri yaranır. İnək südünə qarşı allergiyası olan uşaqlarda soyaya qarşı da allergiya olur.
Yumurtaya qarşı allergiya da uşaqlar arasında geniş yayılıb. Bu allergiyadan erkən yaşlı uşaqların 1-2 %-i əziyyət çəkir. Allergik reaksiya yumurta zülalına qarşı olur. Adətən bu allergiyaya səbəb olan zülalların əksəriyyəti isə yumurtanın ağında olur.
Dəniz məhsullarına qarşı allergiya balıq, krevet, xərçəng, omar, kalmar və ikitaylı molyuskların tərkibindəki zülalların orqanizmə təsiri ilə xarakterizə edilir. Bu allergik reaksiyalara səbəb olan ən əsas zülal tropomiozin zülalı hesab edilir. İmmun cavaba səbəb ola bilən digər zülallara isə arginin, kinaza və miozinin yüngül zəncirləri aiddir. Bəzi hallarda dəniz məhsullarına qarşı allergiyanı dəniz məhsulları çirkləndiricilərinin (məsələn, bakteriya, virus və ya parazitlər) yaratdığı yan təsirlərdən fərqləndirmək çətin olur. Bu, əlamətlərin oxşar olması ilə bağlıdır.
Buğdaya qarşı allergiya bu məhsulun tərkibindəki qliadin və qlüten zülallarına qarşı reaksiyadır. Son zamanlar küncüt toxumuna qarşı allergiyaya da insanlar arasında tez-tez rast gəlinir. Belə ki, küncüt toxumunun istehlakı insanlarda allergik reaksiyaya, hətta ölümlə nəticələnən anaflaktik reaksiyaya səbəb olur.
Ərik, şaftalı, alma, armud, banan, avakado, kivi, sarımsaq, soğan, turp, kök, çuğundur, kətan və xardal toxumları, kərəviz, çobanyastığı və digərləri də insanlarda allergik reaksiyalara səbəb ola bilər. Ümumiyyətlə, istənilən meyvənin allergiyaya səbəb olması mümkündür. Lakin allergiya baxımından bütün meyvələr eyni dərəcədə təhlükəli deyil. Belə ki, yaşıl rəngli meyvələr az, sarı olanlar orta, qırmızı və narıncı meyvələr isə yüksək allergenlərə malikdir.
Həmçinin emal edilmiş qida məhsullarına dad keyfiyyətinin yaxşılaşdırılması və zülal tərkibinin artırılması üçün əlavə olunan kazein, laktoza və albumin kimi zülallar da allergiya yarada bilər. Belə allergenlərin qidanın tərkibində olub-olmadığını müəyyənləşdirmək üçün etiketlənmədə bu məlumatara diqqət yetirilməsi vacib hesab edilir.
Avropa Komissiyasının müvafiq qərarına əsasən, məhsulların etiket məlumatlarında allergiya əmələ gətirən 12 qida məhsulunun adı qeyd olunmalıdır. Bunlara buğda, həmçinin tərkibində qlüten olan digər dənli bitkilər, ikitaylı molyusklar (midi, ilbiz, kalmar), xərçəngkimilər (krevet, omar, xərçəng), yumurta, balıq, yerfındığı, qərzəkli meyvələr (badam, qoz, fındıq, püstə və digərləri), soya, süd (laktoza da daxil olmaqla), xardal, küncüt toxumu və kərəviz daxildir. Amerika Birləşmiş
Ştatlarında da qida məhsullarının etiketində allergen hesab edilən istənilən inqrediyentin adının yazılması tələbi mövcuddur. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.1-ci maddəsinə əsasən də istehlakçıya qida məhsullarının tərkibindəki allergenlər barədə dolğun məlumatlar verilməlidir.