
Müasir dövrdə geniş yayılmış allergik xəstəliklərin yaranmasına digər faktorlarla yanaşı, qidalar da təsir göstərir. Hazırda dünya əhalisinin 2.5%-i qida allergiyasından əziyyət çəkir.
Qida allergiyası tərkibində allergenlər olan qida məhsullarının istehlakı zamanı immun sisteminin spesifik reaksiyası nəticəsində yaranır. Bu reaksiya immunoqlobulin E antitelinin iştirakı ilə baş verir. Qida məhsullarının səbəb olduğu anaflaksiya isə ciddi allergik reaksiya olub, qəflətən əmələ gəlir. Anaflaksiya ölümlə nəticələnə bilər. Qida allergiyasının simptomları adətən tərkibində allergenlər olan qidanın istehlakından sonra özünü büruzə verir. Dəridə qızartılar, səpgilər, qaşınma, üz, dil və dodaqlarda şişkinlik, qusma, diareya, qarın nahiyəsində spazmalar, öskürək, başgicəllənmə, nəfəsalmada çətinlik, huşun itməsi və bu kimi digər hallar isə allergik reaksiyalara aiddir.
İnək südünə qarşı allergiya. 2 yaşlı uşaqlar arasında ən geniş yayılmış allergiyadır. Bu allergiyanın klinik əlamətlərinə allergik rinit, astma və atopik dermatit aiddir. İnək südünə qarşı allergiyası olan şəxslərdə bu məhsulun istehlakından 5-30 dəqiqə sonra allergiya əlamətləri yaranır. Bu ödem, səpgilər, qusma, nadir hallarda anaflaksiya, həmçinin bağırsaqlarda pozğunluq, diareya, qusma və bağırsaq divarının iltihabı ilə təzahür edə bilər.
Yumurtaya qarşı allergiya. Uşaqlar arasında geniş yayılıb, bu allergiyadan erkən yaşlı uşaqların 1-2 %-i əziyyət çəkir. Yumurtaya qarşı allergiya adətən aeroallergenlərə qarşı həssaslığa gətirib çıxarır. Bu da astma xəstəliyinin inkişafına şərait yaradır. Bu tipli allergiyası olan şəxslərdə həzm sistemi pozuntuları, məsələn, qarın nahiyəsində ağrılar, eyni zamanda dəridə səpgilər, respirator problemlər, nadir hallarda anaflaksiya əlamətləri özünü göstərir.
Çərəzlərə qarşı allergiya. Bəzi allergiyalardan fərqli olaraq qoz, fındıq, badam, fıstıq, yerfındığı və digər çərəzlərə qarşı yaranan allergiya insanın ömrü boyu qalır. Bu allergiya ciddi fəsadlara səbəb olmaqla, anaflaksiya halları 50% təşkil edir. Yerfındığı ölümcül reaksiyalara səbəb ola biləcək allergenlərə aiddir. Yerfındığına qarşı allergiyadan uşaqların 4-8, yetkin insanların 1-2 %-i əziyyət çəkir.
Dəniz məhsullarına qarşı allergiya. Bəzi hallarda dəniz məhsullarına qarşı allergiyanı dəniz məhsulları çirkləndiricilərinin (məsələn, bakteriya, virus və ya parazitlər) yaratdığı yan təsirlərdən fərqləndirmək çətin olur. Bu, əlamətlərin oxşar ola bilməsi ilə bağlıdır. Belə ki, hər iki halda həzm sistemində pozuntular, qusma, diareya, qarın nahiyəsində ağrılar müşahidə edilə bilər.
Buğdaya qarşı allergiya. Digər qida allergiyalarında olduğu kimi, buğdaya qarşı allergiya da həzm prosesində pozuntuya, qusmaya, səpgiyə, ödemə, daha ağır hallarda isə anaflaksiyaya səbəb ola bilər.
Soyaya qarşı allergiya. Daha çox azyaşlı uşaqlarda allergik reaksiyalara səbəb olan soyanın istehlakı qaşınma, burunda axıntı, ağızda səpgilər, nəfəsalmada çətinlik və astma kimi halların yaranmasına gətirib çıxarır. Nadir hallarda anaflaksiya da baş verə bilər. Müəyyən edilib ki, inək südünə qarşı allergiyası olan uşaqlarda soyaya qarşı da allergiya olur.
Küncüt toxumuna qarşı allergiya. Son zamanlar bu məhsula qarşı allergiyaya da insanlar arasında tez-tez rast gəlinir. Belə ki, küncüt toxumunun istehlakı insanlarda allergik reaksiyaya, hətta ölümlə nəticələnən anaflaktik reaksiyaya səbəb olur.
Ərik, şaftalı, alma, armud, banan, avakado, kivi, sarımsaq, soğan, turp, kök, çuğundur, kətan və xardal toxumları, kərəviz, çobanyastığı və digərləri də insanlarda allergik reaksiyalara səbəb ola bilər. Həmçinin emal edilmiş qida məhsullarına dad keyfiyyətinin yaxşılaşdırılması və zülal tərkibinin artırılması üçün əlavə olunan kazein, laktoza və albumin kimi zülallar da allergiya yarada bilər.
Hər hansı qidanın qəbulu nəticəsində yaranan allergik reaksiyalar tənəffüs və ya ürək-damar çatışmazlıqları ilə ağırlaşdıqda, insan həyatı üçün təhlükəli ola bilər. Ona görə də allergiyadan əziyyət çəkən insanlar allergenlərin və onlardan hazırlanan qida məhsullarının istehlakından çəkinməlidirlər.