Bayram süfrəsinin bəzəyi olan qoz, badam, fındıq və digər çərəzlər
orqanizm üçün vacib olan vitamin, mineral və antioksidantlarla zəngindir.
Zəngin tərkib sayəsində çərəzlər immuniteti möhkəmləndirir, həzm sisteminin
fəaliyyətini dəstəkləyir, zehni aktivliyi artırır və qaraciyərin normal
funksiyasına müsbət təsir göstərir. Gün ərzində bir ovuc çərəz yemək bədəni
ehtiyac duyduğu bir çox faydalı maddələrlə təmin edir.
Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində
çərəz istehlakının artdığını nəzərə alaraq vətəndaşlara müraciət edib.
Bildirilib ki, həddindən artıq istehlak artıq çəki, piylənmə, həzm pozğunluğu
və allergik reaksiyalara səbəb ola bilər. Buna görə də ölçüyə diqqət etmək,
gündəlik normanı aşmamaq vacibdir.
Çərəzlərin faydasını maksimum qorumaq üçün onları
qovrulmamış və ya az miqdarda, yüngül qovrulmuş halda istehlak etmək daha
məqsədəuyğundur. Çünki yüksək temperatur onların vitamin və minerallarını
azaldır.
Çərəz alarkən görünüşünə, rənginə, formasına və
qoxusuna diqqət edilməlidir. Qablaşdırılmış məhsulun isə mütləq istehsal və son
istifadə tarixi yoxlanılmalıdır. Düzgün şəraitdə saxlanılmayan çərəzlərdə
zərərli maddələr – aflatoksinlər yarana bilər. Kif bəzən pambıqvari və ya
rəngli ləkələr şəklində görünsə də, məhsulun dərin qatlarına qədər yayılır. Bu
səbəbdən kifli hissəni kəsib istifadə etmək təhlükəlidir.
İstehlak etməzdən əvvəl çərəzləri yumaq tövsiyə
olunur. Açıq şəkildə satılan məhsulların toz və yad maddələrlə çirklənməsi
mümkündür. Onları sərin, quru və qaranlıq mühitdə saxlamaq dadı və faydalı
xüsusiyyətlərini qorumağa kömək edir.
Daha ətraflı
link: https://youtu.be/39f477_Wv9Q