Gündəlik həyatımızda, xüsusilə də çəki vermək istəyən insanlar arasında detoks sularından istifadə geniş yayılıb. Bir çoxları bu suların orqanizmi toksinlərdən təmizlədiyinə, piyləri əridərək arıqlamağa və maddələr mübadiləsini sürətləndirməyə kömək etdiyinə inanır. Lakin detoks suları ilə bağlı geniş yayılmış bu fikirlərin heç də hamısı elmi əsaslara söykənmir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, ilk yanlış fikir detoks sularının orqanizmi toksinlərdən təmizləməsi ilə bağlıdır. Əslində orqanizmin zərərli maddələrdən təmizlənməsində əsas rolu qaraciyər və böyrəklər oynayır. Suya əlavə edilən xiyar, limon və ya nanə orqanizmə xüsusi detoksifikasiya xüsusiyyəti qazandırmır və bədənin təbii təmizlənmə mexanizmini əvəz etmir.
Digər geniş yayılmış yanlış fikir detoks sularının piyləri əridərək birbaşa arıqlamağa səbəb olmasıdır. Halbuki heç bir qida və ya içki birbaşa piyləri parçalayaraq əridə bilməz. Detoks suları şəkərli və qazlı içkiləri əvəz etdikdə gündəlik kalori qəbulunun azalmasına kömək edə bilər.
Detoks suları ilə bağlı növbəti yanlış fikir meyvə və tərəvəzlərin tərkibindəki bütün vitaminlərin suya keçməsi ilə əlaqədardır. Əslində, limon, xiyar və giləmeyvələr suda saxlanıldıqda onların tərkibindəki bəzi suda həll olan vitaminlərin, məsələn, C vitamininin az miqdarı suya keçə bilər. Meyvənin özünü yemədikdə onun tərkibindəki lif və digər vacib qida maddələrindən də məhrum olursunuz.
Detoks sularının maddələr mübadiləsini sürətləndirməsi də elmi baxımdan kifayət qədər əsaslandırılmayıb. Ümumilikdə detoks suları özlüyündə zərərli deyil. Əksinə, gün ərzində kifayət qədər su içməkdə çətinlik çəkən insanlar üçün suyun dadını dəyişmək və maye qəbulunu artırmaq baxımından yaxşı seçim ola bilər. Bu içkilərdən xüsusi müalicəvi, arıqladıcı və ya orqanizmi toksinlərdən təmizləyən möcüzəvi təsirlər gözləmək doğru deyil.
Ətraflı linkdə: