Novruz bayramı
süfrələrinin bol çeşidli yeməklər və ənənəvi şirniyyatlarla zəngin olması hər
kəsə məlumdur. Lakin bu bolluq fonunda düzgün və balanslı qidalanma
prinsiplərinə riayət etmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət
daşıyır.
Mütəxəssislər
bildirirlər ki, bayram günlərində həddindən artıq qida qəbulu mədə-bağırsaq
sistemində narahatlıqlara səbəb ola bilər. Qarın ağrısı, həzm pozuntuları və
ağırlıq hissi bu dövrdə ən çox rast gəlinən problemlər sırasındadır. Bu
səbəbdən qidalanmada diqqətli olmaq vacibdir.
Balanslı
qidalanma üçün hər yeməkdə zülal, yağ, karbohidrat və lif tərkibli qidaların
uyğun nisbətdə qəbul edilməsi tövsiyə olunur. Mövsümi tərəvəz salatlarının
süfrədə yer alması həm toxluq hissini artırır, həm də həzmi asanlaşdırır.
Həmçinin bir yemək zamanı həddindən artıq çeşid istehlakından uzaq durmaq
məqsədəuyğundur.
Qidaların
seçiminə gəldikdə qızardılmış yeməklər əvəzinə sobada bişmiş ət və balıq
məhsullarına üstünlük verilməlidir. Salatlarda mayonez yerinə qatıq, xama və ya
kefir əsaslı souslardan istifadə daha sağlam seçim hesab edilir. Xüsusilə balıq
yeməklərinin tez istehlak olunması məsləhətdir.
Novruzun
ayrılmaz hissəsi olan şirniyyatlar – şəkərbura, paxlava və digər təamlar yüksək
kalorili olduğundan porsiyalara nəzarət edilməlidir. Xörəkdən dərhal sonra
şirniyyat yemək çəki artımına səbəb yaradır. Eyni zamanda, çərəzlərin gündəlik
kalori qəbulunu artırdığı nəzərə alınmalı və miqdarı məhdudlaşdırılmalıdır.
Qidalanma
zamanı davranış qaydaları da mühüm rol oynayır. Yeməklərin yavaş yeyilməsi
doyma siqnalının vaxtında yaranmasına kömək edir və həddindən artıq yemənin
qarşısını alır. Suyun isə yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə içilməsi
faydalıdır.
Bundan əlavə,
bayram günlərində fiziki aktivliyi qorumaq önəmlidir. Gəzintilər və yüngül
idman hərəkətləri artıq qida qəbulunun mənfi təsirlərini minimuma endirir.
Sağlam qidalar
seçmək, porsiyalara nəzarət etmək və aktiv həyat tərzini davam etdirməklə
Novruz bayramını həm ləzzətli, həm də sağlam keçirmək mümkündür.
Bayramınız
mübarək!