“Açıq qapı” gününün təşkil edilməsində əsas məqsəd qida məhsullarının AQTİ-nin laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər olan mərhələləri əyani şəkildə iştirakçılara göstərməkdən, eyni zamanda laboratoriyaların imkanlarını, maddi-texniki bazasını və bu sahədə görülən işləri daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.
Tədbir zamanı iştirakçılara İnstitutun fəaliyyəti, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə aparılan tədqiqatlar, qida təhlükəsizliyi sahəsində həyata keçirilən elmi-praktiki araşdırmalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hazırda AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Bu laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, modernləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, eyni zamanda kadrların səriştəliliyinin artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, aparılan müayinələrin nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, laboratoriyaların akkreditasiyadan keçməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə laboratoriyaların beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı üzrə işlər davam etdirilir.
“Açıq qapı” zamanı iştirakçılar İnstitutun laboratoriyalarına da baxış keçirib, laboratoriyaların maddi-texniki bazası ilə yaxından tanış olublar. Həmçinin onlar qida məhsullarının yoxlanılması prosesində iştirak edərək bu məhsulların laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər olan mərhələləri əyani şəkildə izləyiblər. “Açıq qapı” günü çərçivəsində iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
ADİU-nun müəllim heyəti AQTİ-nin laboratoriyalarında yüksək şəraitin yaradıldığını bildirib. Həmçinin onlar təmsil olunduqları universitetin müvafiq fakültələrində aparılan tədris prosesi zamanı İnstituta səfər çərçivəsində topladıqları təcrübədən istifadə edəcəklərini vurğulayıblar.