arrow

AQTA-da cari ilin I yarımilinin yekunlarına dair mətbuat konfransı keçirilib

AQTA-da cari ilin I yarımilinin yekunlarına dair mətbuat konfransı keçirilib
17-07-2026 15:21

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.

Konfransda çıxış edən AQTA-nın sədr müavini Əli Nəbiyev qida təhlükəsizliyi sisteminin strateji inkişafını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026–2032-ci illər üçün Dövlət Proqramı”nın layihəsi aidiyyəti üzrə təqdim olunduğunu media nümayəndələrinin diqqətinə çatdırıb. 

Ə.Nəbiyev altı ay ərzində dövlət nəzarəti ilə bağlı statistik göstəricilərə nəzər salıb. Bildirib ki, bu dövr ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib.  Ciddi nöqsan aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan 1600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30.7 ton ət (o cümlədən 432 kq at əti) məhv edilib. 

Ölkə üzrə 390 ümumtəhsil məktəbində monitorinq aparılıb, 263-də normativ tələblərin pozulduğu aşkar edilib. Yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar dərhal satışdan kənarlaşdırılıb.

Qeyd olunub ki, fəaliyyət göstərən 79 ərzaq bazarından 19-da planlı yoxlamalar aparılıb. İndiyədək 17 bazarda sağlamlaşdırma işləri görülüb, 30-da nöqsanlar qismən aradan qaldırılıb.  

Sədr müavini diqqətə çatdırıb ki, ailə və kəndli təsərrüfatlarında hazırlanan süd və süd məhsullarına effektiv nəzarətin təşkili və bazarlarda satışın qanunvericiliyə uyğun təşkil edilməsi üçün xüsusi qablaşdırma materialları və etiket nümunələri hazırlanaraq bazarlara təqdim olunub. 

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, idxal və ixrac prosesləri AQTİS vasitəsilə tam rəqəmsallaşdırılıb, hazırda Azərbaycandan 70-dən çox ölkəyə məhsul ixrac olunur.  Ə.Nəbiyev Çinə akvakultura, yabanı dəniz məhsulları və quş əti ixracını əhatə edən 3 protokolun imzalandığını da vurğulayıb. 

Yenidənqurmadan sonra heyvan bazarlarının istifadəyə verildiyini diqqətə çatdıran Əli Nəbiyev bildirib ki, artıq Xaçmaz heyvan bazarı da fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 15-ə çatıb. Onun sözlərinə görə, iri və xırdabuynuzlu heyvanların gələn ildən dövlət hesabına identifikasiyası aparılacaq və onların elektron uçotu təmin ediləcək.

AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova xüsusilə qadınlara yönəlmiş arıqlama çayları, qəhvələri, şokoladları və digər oxşar məhsulların sosial şəbəkələr vasitəsilə geniş şəkildə satışının təşkil olunmasının narahatedici məqamlardan biri olduğunu bildirib. Onun sözlərinə görə, Agentlik tərəfindən həmin məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub və bütün nümunələrdə insan sağlamlığı üçün ciddi təhlükə yaradan sibutramin və sildenafil maddələri aşkar edilib. Şöbə müdiri istehlakçılara belə məhsulları almamağı tövsiyə edib. 

Validə Sadıxova energetik içkilərlə bağlı həyata keçirilən monitorinqlərin nəticələrini açıqlayıb. O bildirib ki, Agentlik istehlakçılar arasında sorğu keçirib. Nəticələr göstərib ki, respondentlərin 72%-i energetik içki olmayan məhsulları “energetik içki” kimi qiymətləndirib. Başqa sözlə, istehlakçılar məhsulun energetik içki olub-olmamasını onun tərkibinə deyil, marketinq elementlərinə, vizual dizaynına və qablaşdırılmasına əsasən seçiblər. Bununla əlaqədar, ölkəyə idxal olunan bütün energetik içkilərdən, eləcə də yerli istehsal və idxal olunan müxtəlif alkoqolsuz içkilərdən nümunələr götürülüb. 

Nümunələrin etiket məlumatları təhlil edilib və laborator müayinələr həyata keçirilib. Araşdırma zamanı müəyyən edilib ki, məhsulların 50%-dən çoxunun qablaşdırılmasında güc, dominantlıq və aqressiyanı simvolizə edən heyvan təsvirlərindən, enerji, güc və yüksək performansı ifadə edən sözlərdən, emblemlərdən, işarələrdən və digər vizual elementlərdən istifadə olunub.

Bununla əlaqədar müvafiq dövlət qurumlarına rəsmi müraciətlər göndərilib, birgə əməkdaşlıq çərçivəsində zəruri tədbirlərin görülməsi təklif olunub. Eyni zamanda, Agentlik tərəfindən sahibkarlarla görüşlər keçirilib, qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.