Layihə çərçivəsində növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 227 nömrəli tam orta məktəbdə təşkil olunub.
Tədbirdə iştirak edən 150-yə yaxın şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Təmiz əllər sağlamlığın şərtidir. Gigiyena qaydalarına əməl etmək hər bir məktəbli üçün gündəlik vərdişə çevrilməlidir” və “Səhər yeməyi günün ən vacib yeməyidir” mövzularında təqdimatlar edilib. Eləcə də qida təhlükəsizliyi ilə bağlı problemlə qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri məktəblilərin diqqətinə çatdırılıb.
Eyni zamanda görüşdə mövzu ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi məktəblilər arasında sağlam qidalanmanının təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.