arrow

AQTA sədri ilə Belarusun kənd təsərrüfatı və ərzaq naziri arasında görüş keçirilib

AQTA sədri ilə Belarusun kənd təsərrüfatı və ərzaq naziri arasında görüş keçirilib
16-05-2024 09:26

Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Həmçinin Azərbaycan Respublikası ilə Belarus Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması və baytarlıq preparatlarının birgə istehsalı üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Belarusla əməkdaşlıq çərçivəsində imzalanmış, eləcə də imzalanması nəzərdə tutulan sənədlər nəzərdən keçirilib, müvafiq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

AQTA-da keçirilən görüşdən sonra Belarusun kənd təsərrüfatı və ərzaq naziri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. S.Bartoş iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçirib. Qonaq laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıb. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub.

Laboratoriyalara baxış keçirildikdən sonra jurnalistlərə açıqlama verən Sergey Bartoş AQTİ-də laboratoriya sisteminin peşəkarlıqla qurulduğunu vurğulayıb. Həmçinin müvafiq müayinələrin yüksək səviyyədə aparıldığını bildirib.

AQTA sədri Q.Təhməzli Agentliklə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Bildirib ki, Belarusun kənd təsərrüfatı və ərzaq naziri ilə aparılan danışıqlarda bu ölkədən respublikamıza idxal olunan yüksək riskli qida məhsulları üzərində dövlət nəzarətinin daha da gücləndirilməsi müzakirə edilib. Eyni zamanda bəzi məhsul qrupları istisna olmaqla, AQTA-nın Belarusun qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini tanıması barədə razılıq əldə olunub. Bu istiqamətdə danışıqların isə davam etdirilməsi qərara alınıb. AQTA sədri ölkəmizdə baytarlıq preparatlarının istehsalı ilə bağlı Belarusla birgə ekspert qrupunun yaradıldığını da vurğulayıb.