Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2023-2024-cü tədris ili üzrə ilk görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseydə təşkil olunub.
Tədbirdə məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Məktəblilərin yaşına və orqanizminin tələbatına uyğun qida seçilməlidir” və “Süd və süd məhsullarının orqanizmə təsiri” mövzularında təqdimatlar edilib. Eləcə də qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz halla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb. Eyni zamanda, görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən məktəblilərlə belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.