Növbəti təlim qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün təşkil edilib. Ödənişsiz keçirilən təlimdə İnstitutun mütəxəssisləri iştirakçıları qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələrə, onların materialına və ləvazimatlara dair tələblər barədə ətraflı məlumatlandırıb. Həmçinin onlara qida məhsullarının çirklənmə növləri və mənbələri, şəxsi sağlamlıq, gigiyena, temperaturun idarə edilməsi, təmiz, izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi və istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması üsulları və digər məsələlər haqqında məlumat verilib. Təlim zamanı mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, AQTİ tərəfindən qida məhsullarının daşınması və çatdırılması xidməti və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri “1003 – Çağrı Mərkəzi”nə zəng edə bilərlər.