Bu çərçivədə AQTİ-də 18 iyul 2024-cü il tarixində qida subyektlərinin əməkdaşları üçün “Qida məhsullarının izlənilməsi” mövzusunda növbəti maarifləndirici təlim keçiriləcək. Saat 11:00-da başlayacaq təlim barədə daha ətraflı məlumat almaq və təlimdə iştirak etmək istəyən sahibkarlıq subyektləri “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.
Qeyd edək ki, təlim zamanı iştirakçılara qida subyektlərini qida və yem məhsulları ilə təchiz edən subyektləri müəyyənləşdirməyə imkan verən izləmə sistemi və prosedurları, məhsulların izlənilməsi qaydası ilə müəyyən olunan sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib edilməsi və saxlanılması, həmçinin bu məsələlərlə bağlı məlumatların müvafiq orqana təqdim olunması barədə ətraflı məlumat veriləcək. Eyni zamanda onlar izlənilməni asanlıqla təmin etmək məqsədilə qida subyektləri tərəfindən bazara yerləşdirilən və ya yerləşdirilməsi nəzərdə tutulan qida və yem məhsullarının, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə olunması nəzərdə tutulan maddələrin etiketlənməsi və identikləşdirilməsi qaydaları haqqında məlumatlandırılacaqlar.
Təlim zamanı mövzu ətrafında müzakirələr aparılacaq və suallar cavablandırılacaq.