İnstitutun əməkdaşları Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşkilatçılığı ilə həmin nazirliyin nəzdindəki İstanbul Qidaya Nəzarət Laboratoriya Mərkəzinin Keyfiyyət idarəetməsi şöbəsinin müdiri Hilkat Aksakal tərəfindən keçirilən “Metod validasiya və verifikasiyası” mövzusunda onlayn təlimdə iştirak ediblər. Təlimə AQTİ-nin Mərkəzi Baytarlıq, Milli Referens, Kompleks Tədqiqatlar, Mərkəzi Fitosanitar laboratoriyalarının mütəxəssisləri ilə yanaşı, Bakı, Abşeron, Tovuz, Lənkəran və Göygöl regional sınaq laboratoriyalarının mütəxəssisləri də qatılıblar.
Sınaq laboratoriyaları üçün nəzərdə tutulan “Metod validasiya və verifikasiyası” təlimi ISO/IEC 17025 standartının tələblərinə uyğun olaraq metodun validasiya və verifikasiyasını həyata keçirmək üçün lazımi bilik və bacarıqların əldə edilməsi, validasiya və verifikasiya parametrlərinin izahı, qeyri-müəyyənlik komponentlərinin müəyyən olunması və hesablanmasını əhatə edir.
Qeyd edək ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ laboratoriyalarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür.