arrow

AQTİ HACCP prinsiplərinə dair təlimləri davam etdirir

AQTİ HACCP prinsiplərinə dair təlimləri davam etdirir
15-05-2023 15:33

Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Mamam Chocolate and Bakery” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təşkil olunub.

Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, HACCP qida təhlükəsizliyinin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edən, qida va yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarəti sistemidir. HACCP risk əsaslı yanaşmanı tətbiq edir və qida məhsullarına ola biləcək risklərin əvvəlcədən qiymətləndirilməsi mexanizmini yaradır. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrə asanlıqla tətbiq oluna bilir. HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün isə əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Həmçinin qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və işlək vəziyyətdə saxlanması vacibdir. Təlim zamanı iştirakçılar HACCP sistemini özündə ehtiva edən beynəlxalq idarəetmə sistemləri və HACCP sistemi ilə ISO 22000:2018 arasındakı əlaqə barədə də məlumatlandırılıb.

İnteraktiv formada təşkil olunan təlimdə mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.