Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını təşkil edir. Bu sınaqların proqramı ilə AQTİ-nin rəsmi saytında (afsi.gov.az) tanış olmaq mümkündür. Saytda yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədə bu səriştəlilik sınağının proqramı və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) yerləşdirilib. Laboratoriyaların sınaqda iştirakını təmin etmək üçün saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması” doldurularaq info.pt@afsa.gov.az elektron poçtuna göndərilməlidir. Sınaqlar yekunlaşdıqdan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurulmaqla eyni ünvana yollanmalıdır. Səriştəlilik sınaqlarının nəticələri İnstitutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.
Qeyd edək ki, sınaqlar "ISO/IEC 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi - səriştəlilik sınaqlarına dair ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təşkil olunan sınaqların məqsədi xarici keyfiyyətə nəzarət vasitəsi kimi dövlət və özəl laboratoriyalarda analiz nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin edilməsi, sınaq nəticələrinin keyfiyyətinin, eləcə də personalın səriştəliliyinin artırılmasına, rutin analizlərin obyektiv qiymətləndirilməsinə, laboratoriyanın fəaliyyətinin texniki inkişafının təşviqinə, həmçinin rəy və şərhlərin əldə edilməsinə imkan verir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu bütün müvafiq laboratoriyaları səriştəlilik sınaqlarında fəal iştirak etməyə dəvət edir.