Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) İngiltərənin "Fapas" şirkəti tərəfindən təşkil edilən, 70-dən artıq xarici laboratoriyanın qatıldığı səriştəlilik sınağında iştirak edib. Belə ki, səriştəlilik sınağı çərçivəsində laboratoriyada zeytun yağı məhsulunda Peroksid ədədi və Turşuluq parametrləri üzrə sınaqlar aparılıb. Sınaq zamanı əldə olunan göstəricilərə əsasən laboratoriya yüksək nəticə əldə edib və səriştəlilik sınağından müvəffəqiyyətlə keçib.
Qeyd edək ki, Abşeron Regional Sınaq Laboratoriyası müxtəlif vaxtlarda aparıcı ölkələrin laboratoriyalarının da qatıldığı İngiltərənin “Fapas”, “LGC standard”, Fransanın “Bipea” kimi təşkilatlarının təşkil etdiyi beynəlxalq laboratoriyalararası sınaqlarda iştirak edərək yüksək nəticələr əldə edib. Laboratoriya öz fəaliyyətində akkreditasiya sahəsinə uyğun olan beynəlxalq və yerli metodlardan istifadə edərək, təqdim olunan məhsulun fiziki-kimyəvi, mikrobioloji və toksikoloji sınaqlarını apararaq, sınaq protokolları ilə rəsmiləşdirir.