Təqaüd proqramı çərçivəsində G.Bayramova pomidor və bibər toxumlarında pomidorun bürünclük virusunun toxumdan şitillərə keçid riskini araşdıracaq. Tədqiqat 6 ay müddətində Almaniya Federativ Respublikasının Braunşveyq şəhərində yerləşən və dünyanın ən böyük bioloji resurs mərkəzlərindən biri olan Leibniz İnstitutunun nəzdindəki “Almaniya mikroorqanizm kolleksiyası və hüceyrə kulturası” mərkəzinin laboratoriyasında aparılacaq.
Qeyd edək ki, G.Bayramova bu vaxtadək ölkəmizdə EPPO-nun “Jens-Georg Unger Plant Health Fellowship” təqaüd proqramını qazanan yeganə mütəxəssisdir.
Onu da bildirək ki, bu proqram EPPO-ya daxil olan 52 ölkənin bitki sağlamlığı sahəsində çalışan mütəxəssisləri üçün nəzərdə tutulub. İl ərzində təqaüd proqramına müraciət edən mütəxəssislərdən yalnız layihəsi uyğun gələn 1 və ya 2 şəxs qalib seçilir.