Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisi Gülnarə Quluzadə Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) və Parma Universitetinin birgə təşkil etdiyi “Premio G. Masetti 2025” müsabiqəsinin qalibi olub. Müsabiqənin nəticələrinə əsasən o, EFSA-da təcrübə proqramında iştirak hüququ qazanıb və maliyyə dəstəyi əldə edib.
Gülnarə Quluzadə 2025-ci il oktyabrın 1-dən etibarən 3 ay müddətində Avropa Qida Təhlükəsizliyi Agentliyinin Bioloji Təhlükələr və Heyvan Sağlamlığı və Rifahı Bölməsi – Risk Qiymətləndirilməsi İstehsalat Departamentində “Guest Professional” statusu ilə təcrübə keçəcək. O, bioloji təhlükələr və risk qiymətləndirilməsi, heyvan sağlamlığı və rifahı, həmçinin omics və bioinformatik üsullardan istifadə ilə yeni metodoloji yanaşmaların tətbiqi üzrə elmi-tədqiqat fəaliyyətlərinə cəlb olunacaq.
Bu uğur AQTİ-nin beynəlxalq elmi-tədqiqat əməkdaşlıqlarının genişlənməsi və ölkədə qida təhlükəsizliyi sahəsində insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Gülnarə Quluzadənin EFSA-da əldə edəcəyi bilik və bacarıqlar, gələcəkdə Azərbaycanın qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsinə, risk əsaslı yanaşmaların tətbiqinə və beynəlxalq standartlara uyğun elmi fəaliyyətlərin inkişafına töhfə verəcək.
Qeyd edək ki, G. Quluzadə hazırda “İtaliya–Azərbaycan Universiteti” layihəsi çərçivəsində ADA Universiteti və İtaliyanın Bologna Universitetində doktorantura təhsili alır.