Tədbirdə bildirilib ki, İnstitutun bir qrup əməkdaşı səmərəli fəaliyyətlərinə görə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 5 illik yubileyi və 7 İyun-Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə təltifə layiq görülüb. Həmçinin qeyd olunub ki, AQTA-nın tabeliyində fəaliyyət göstərən İnstitut ötən dövrdə bir sıra uğurlar əldə edib. Belə ki, AQTİ-nin 16 laboratoriyasının 9-u modernləşdirilib və optimallaşdırılıb. Laboratoriyalardan 3-ü beynəlxalq, 16-sı yerli akkretidasiyadan, eləcə də 886 parametr beynəlxalq səriştəlilik sınaqlarından uğurla keçirilib. İnstitutda beynəlxalq müayinə metodlarının ümumi müayinə metodlarının sayına nisbəti 40 faizə yüksəlib. Validasiyası və ya verifikasiyası həyata keçirilən müayinə metodlarının sayı 217-yə çatdırılıb. Heyvan mənşəli qida məhsullarında antibiotik müayinələri aparmaq üçün 27 metodun tətbiqinə başlanıb. Bitki və bitkiçilik məhsullarında təyin olan pestisidlərin sayı 6 növdən 600 növədək artırılıb. Laborator müayinələrin dəqiqlik əmsalı 95 faizə yüksəlib. Ötən dövrdə laboratoriyalara daxil olan 7 259 604 nümunədə 7 421 847 müayinə aparılıb. Uyğunsuz müayinələrin ümumi müayinələrdə payı 2.6 faizdən 0.31 faizə enib.
Tədbirdə daha sonra İnstitutun fəaliyyətində fərqlənən əməkdaşlarına “Təşəkkürnamə” təqdim edilib.