arrow

AQTİ-nin laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır

AQTİ-nin laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır
23-11-2024 14:24

AQTİ tərəfindən ölkəmizdə heyvan sağlamlığının qorunması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə quş qripi xəstəliyinin diaqnostikası, monitorinqi və idarə olunması sahəsində silsilə tədbirlər həyata keçirilir. Xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə edilməsi üçün ixtisaslaşmış əməliyyat qrupları mütəmadi olaraq quş qripi xəstəliyi də daxil olmaqla assosiativ-simulyasiya məşğələlərini icra edir. Bu çərçivədə peşəkar mütəxəssislər ölkə üzrə quş populyasiyasında davamlı monitorinq proqramlarına qatılır. Yüksək dəqiqlikli diaqnostik avadanlıqlarla təchiz olunan laboratoriyalarda quş qripi virusunun subtiplərinin aşkarlanmasında müasir metodlar tətbiq edilir. Eyni zamanda seroloji müayinələr vasitəsilə quşçuluq sahəsində istifadə olunan peyvəndlərin effektivliyi qiymətləndirilir.

Həyata keçirilən tədbirlər çərçivəsində Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyənin Akkreditasiya Qurumu “TÜRKAK”ın quş qripi xəstəliyi daxil olmaqla 61 parametr üzrə “ISO/IEC 17025:2017 – Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər" standartına uyğun Akkreditasiya Attestatını əldə edib. Mütəmadi olaraq laboratoriyalar quş xəstəlikləri üzrə müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında uğurla iştirak edir. İnstitutun beynəlxalq standartlara cavab verən 2-ci səviyyəli biotəhlükəsizlik laboratoriyaları paytaxt Bakıda və bölgələrdə fəaliyyət göstərir. Stasionar laboratoriyalarla yanaşı, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyaların imkanlarından da epizootoloji monitorinqlər zamanı geniş istifadə olunur. Bu da xüsusi təhlükəli və ya zoonoz xəstəliklərin alovlanması zamanı hadisə yerində müayinələrin operativ şəkildə aparılmasında, həmçinin qabaqlayıcı və nəzarət tədbirlərinin görülməsində əvəzsiz rol oynayır.