Bu çərçivədə AQTİ-nin mütəxəssisləri tərəfindən "Nümunəgötürmədə seçmə üsullar" mövzusunda onlayn təlim keçirilib. Təlim zamanı xəstəliklərə uyğun nümunələr, nümunəgötürmə vasitələri, nümunələrin qablaşdırılması və göndərilməsi qaydaları və digər məsələlər barədə ətraflı məlumat verilib. Həmçinin mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, AQTİ və ADAU arasında mövcud olan “Əməkdaşlığa dair Anlaşma Memorandumu”na uyğun olaraq keçirilən təlim-təcrübə kursu müvafiq sahələr üzrə yalnız nəzəri və praktiki deyil, həm də mövcud qanunvericiliklə bağlı məsələləri əhatə edir. Onlayn təlimlər başa çatdıqdan sonra iştirakçılar İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında istehsalat təcrübəsi keçəcəklər. Təlim-təcrübə kursunun yekununda isə iştirakçıların qiymətləndirilməsi aparılacaq və uğur qazananlara sertifikat veriləcək. Bundan əlavə, onlar müvafiq müsahibədən keçirilərək AQTİ-də ixtisaslarına uyğun işlə təmin olunacaqlar. Kursun təşkil edilməsində məqsəd də müvafiq sahələr üzrə kadr potensialının artırılması, gənc, motivasiyalı və perspektivli baytarlarla əczaçıların işə qəbulu və kadr ehtiyaclarının ödənilməsidir.