Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyinin obyektiv qiymətləndirilməsi və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunun təmin edilməsi məqsədilə növbəti səriştəlilik sınağını elan edir. Bu dəfə keçiriləcək sınaq süd tozu nümunəsində yağlılıq, nəmlik, quru maddə, kül, azot (zülal) və laktozanın təyini parametrlərini əhatə edəcək.
Səriştəlilik sınaqları ISO/IEC 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına dair ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur və qiymətləndirmələr də bu standartın tələblərinə uyğun şəkildə həyata keçirilir.
İştirakçılar “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçt ünvanına göndərə və ya AQTİ-nin rəsmi internet səhifəsi üzərindən onlayn qaydada qeydiyyatdan keçə bilərlər.
İştirak üçün son müraciət tarixi 30 iyun 2026-cı ildir.
Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsində (www.afsi.gov.az) “Xidmətlər” bölməsinin “Səriştəlilik sınaqları” alt bölməsində tanış olmaq mümkündür. Sınaq nəticələri İnstitutun saytında fərdi laboratoriya nömrələri ilə açıqlanacaq və nəticələrin konfidensiallığı tam şəkildə qorunacaq.
Qeyd etmək lazımdır ki, təşkil olunan səriştəlilik sınağı laboratoriyaların analiz nəticələrinin düzgünlüyünü və etibarlılığını təmin etməklə yanaşı, sınaq nəticələrinin keyfiyyətinin yüksəldilməsinə, personalın peşəkar bacarıqlarının təkmilləşdirilməsinə, rutin analizlərin obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edir və bütövlükdə ölkədə qida təhlükəsizliyi infrastrukturunun inkişafına mühüm töhfə verir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu bütün müvafiq laboratoriyaları səriştəlilik sınaqlarında fəal iştirak etməyə dəvət edir.