AQTİ mütəxəssisləri tərəfindən növbəti nəzəri-praktiki təlim “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təşkil olunub. Bu mövzuda ilk təlim “Al Market” Məhdud Məsuliyyətli Cəmiyyətin və “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün keçirilib.
Təlimdə iştirakçılara sanitar-gigiyenik normalar barədə ətraflı məlumat verilib. Həmçinin qida təhlükəsizliyi sisteminin gücləndirilməsinə dair müvafiq qaydalar onların nəzərinə çatdırılıb. Eyni zamanda bildirilib ki, bu təlimlər müəssisələrin fəaliyyətinin sanitariya-gigiyena qaydalarına uyğun təşkil edilməsinə və nöqsanların minimuma endirilməsinə şərait yaradır. Müəssisələrdə baş verə biləcək qida xəstəlikləri və zəhərlənmələri kimi digər xoşagəlməz halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir.
Təlim zamanı mövzu ətrafında müzakirələr də aparılıb və iştirakçıların sualları cavablandırılıb. Eləcə də sahibkarlıq subyektləri əməkdaşlarının qiymətləndirilməsi aparılıb və onlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlimlər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilir. Təlimlərin keçirilməsində əsas məqsəd qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar verməkdən ibarətdir.