İstehlakçılara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi üçün qida sahəsində fəaliyyət göstərən müəssisələrin əməkdaşlarının sanitar-gigiyena qaydalarına riayət etməsi üçün maarifləndirici tədbirlər davam etdirilir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi tərəfindən “Chinar Dining”, “VİP-PROD”, “Qədirxum”, “Saffron group”, “Günaydın”, “Beat group” restoranlarının mütəxəssisləri üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim təşkil olunub.
Təlimdə “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq əməkdaşların şəxsi gigiyenası, zərərvericilərə nəzarət, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları barədə ətraflı məlumat verilib.
Təlim zamanı mətbəx sahəsində praktiki nümunələr əsasında əyani izahlar təqdim olunub, fiziki, kimyəvi və bioloji təhlükələr, gigiyenik tədbirlər, qida məhsullarının saxlanması və dövriyyəsinə dair tələblər izah edilib. Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, bilik və bacarıqları dəyərləndirilib.