arrow

AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarının məlumatlandırılması istiqamətində işləri davam etdirir

AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarının məlumatlandırılması istiqamətində işləri davam etdirir
18-12-2024 16:33

AQTİ-nin Təlim Mərkəzi tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edilib.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlim iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.

Təlimdə sahibkarlıq subyektlərinin əməkdaşları “Qida təhlükəsizliyi haqqında” Qanun və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib.

İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları gigiyenik təlimlərə cəlb olunmalıdırlar. Bu tələbə əməl edilməməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq və yoxlamalar zamanı uyğunsuzluq kimi qiymətləndirilir.

Xatırladaq ki, AQTİ-nin Təlim Mərkəzi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.