Bu çərçivədə növbəti təlim "Heyvan sağlamlığında istifadə edilən normativ hüquqi aktlar" mövzusunda keçirilib. Təlim zamanı AQTİ-nin mütəxəssisi Yusif Babayev "Balıqçılıq və düzgün balıq yetişdiricilik qaydaları", "Damazlıq yetişdirmə", "Yemləndirmə", "Çeşidləmə", "Balıq xəstəliklərinin profilaktikası" qaydaları və digər məsələlər barədə ətraflı məlumat verib. Həmçinin mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, AQTİ və ADAU arasında mövcud olan “Əməkdaşlığa dair Anlaşma Memorandumu”na uyğun olaraq keçirilən təlim-təcrübə kursu müvafiq sahələr üzrə yalnız nəzəri və praktiki deyil, həm də mövcud qanunvericiliklə bağlı məsələləri əhatə edir. Onlayn təlimlər başa çatdıqdan sonra iştirakçılar İnstitutun Analitik Ekspertiz Mərkəzinin Mərkəzi Baytarlıq Laboratoriyasında istehsalat təcrübəsi keçəcəklər. Təlim-təcrübə kursunun yekununda isə iştirakçıların qiymətləndirilməsi aparılacaq və uğur qazananlara sertifikat veriləcək.
Xatırladaq ki, kursun təşkil edilməsində məqsəd də müvafiq sahələr üzrə kadr potensialının artırılması, gənc, motivasiyalı və perspektivli baytarlarla əczaçıların işə qəbulu və kadr ehtiyaclarının ödənilməsidir.