Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Carlsberg Azerbaijan” MMC əməkdaşları üçün üç gün davam edən HACCP təlimi keçirilib. Təlim zamanı iştirakçılara HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin 12 addım və 7 prinsipi əsasında geniş məlumat verilib. Qeyd olunub ki, HACCP qida təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan idarəetmə sistemidir və “Qida təhlükəsizliyi haqqında” qanunla tənzimlənir.
Qanunvericiliyə əsasən, HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburi hesab olunur. HACCP sistemi qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, onların keyfiyyətinin yüksəldilməsinə də mühüm töhfə verir. Risk əsaslı yanaşmaya söykənən bu sistem məhsulların müvafiq standartlara uyğun istehsalını təmin edir, nəticədə satış həcminin və müəssisələrin gəlirliliyinin artmasına şərait yaradır.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların mövzu ilə bağlı bilik səviyyəsi dəyərləndirilib.