arrow

AQTİ tərəfindən peşə təhsili müəssisələrinin tələbələri üçün keçirilən təlimlər uğurla başa çatıb

AQTİ tərəfindən peşə təhsili müəssisələrinin tələbələri üçün keçirilən təlimlər uğurla başa çatıb
28-11-2025 10:16

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan təhsil müəssisələrində “Qida sahəsində gigiyena tələbləri” mövzusunda silsilə təlimlər uğurla təşkil olunub. Təlimlərdə “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Kimyəvi analiz laborantı”, “Laborant-mikrobioloq”, “Qida və içki üzrə nəzarətçi”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasları üzrə təhsil alan ümumilikdə 120 tələbə iştirak edib.

Həm nəzəri, həm də praktiki hissələri özündə birləşdirən təlimlər zamanı “Qida təhlükəsizliyi haqqında” Qanunun tələbləri çərçivəsində HACCP sistemi, əməkdaşların şəxsi gigiyenası, zərərvericilərə nəzarət, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları barədə geniş məlumat verilib. “Kimyəvi analiz laborantı” və “Laborant-mikrobioloq” ixtisasları üzrə təhsil alan iştirakçılar əlavə olaraq əməyin təhlükəsizliyi, biotəhlükəsizlik, laboratoriyada işin təşkili, cihaz və reaktivlərlə işləmə qaydaları ilə tanış olublar. 

Layihənin bağlanış mərasimində AQTİ-nin Təlim mərkəzi şöbəsinin müdiri Samir Mehralıyev, Strateji təhlil və hesabatlıq sektorunun müdiri Vüsal Mahmudov, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdir müavini Natavan Ağayeva iştirak edib. Təlimlərin peşə təhsili alan gənclərin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığı xüsusi vurğulanıb.

Təlimlərdə fərqlənən, yüksək göstəricilər əldə edən tələbələr fərqləndirici sertifikatlarla təltif ediliblər. Qeyd edək ki, təlimlər “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində icra olunub.