Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Bakı Regional Sınaq Laboratoriyası İngiltərənin nüfuzlu “LGC” şirkəti tərəfindən təşkil olunan beynəlxalq səriştəlilik sınaqlarında növbəti dəfə iştirak edərək uğurlu nəticələr əldə edib.
Belə ki, laboratoriya günəbaxan yağı nümunəsində yağ turşularının tərkibi, fiziki-kimyəvi göstəricilər və keyfiyyət parametrləri üzrə, bal nümunəsində isə əsas fiziki-kimyəvi göstəricilərin təyini istiqamətində ümumilikdə 15 parametr üzrə yüksək dəqiqlik nümayiş etdirib. Əldə olunan nəticələr laboratoriyanın ölçmə və analiz sahəsində beynəlxalq standartlara cavab verən səriştəliliyini bir daha təsdiqləyib.
Qeyd edək ki, Bakı Regional Sınaq Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə mikrobioloji, kimyəvi və molekulyar bioloji müayinələr həyata keçirilir. Laboratoriya AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartına uyğun olaraq Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçib.