Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin başçılıq etdiyi nümayəndə heyəti və “BelAqroGen” Elmi İstehsalat Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalarının ölkədə qida təhlükəsizliyinin təmin olunması, heyvan və bitki sağlamlığının qorunması sahəsindəki rolunu vurğulayıb.
Belarus səfiri Dmitri Pineviç iki ölkənin müvafiq qurumları arasında heyvan sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinin olduğunu qeyd edib. Məlumat verilib ki, “BelAqroGen” Elmi İstehsalat Mərkəzi heyvan xəstəliklərinin müalicəsi və profilaktikası üçün müasir baytarlıq preparatları, zərərvericilərə qarşı mübarizə vasitələri və baytarlıq təyinatlı vasitələrin istehsalçısıdır. Şirkətin təqdim etdiyi bir çox baytarlıq preparatlarının effektivliyi müxtəlif kənd təsərrüfatı müəssisələrində uğurla tətbiq olunaraq sübut edilib.
Görüş zamanı respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təşkili məsələsi gündəmə gətirilib.
Daha sonra Belarus nümayəndə heyəti AQTİ laboratoriyalarına baş çəkib, müasir standartlara uyğun həyata keçirilən müayinələrlə tanış olub.