Beynəlxalq mütəxəssislərin iştirakı ilə keçirilən assosiativ-simulyasiya təlimlərinin təşkili epizootik böhran vəziyyətlərinə ölkəmizin hazırlığının artırılması ilə yanaşı, əldə olunmuş təcrübənin region dövlətlərinə çatdırılması məqsədini daşıyıb.
Simulyasiya keçirilən ərazidə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyaları quraşdırılıb. Şərti xəstə heyvandarlıq təsərrüfatında keçirilən epizootoloji monitorinq zamanı götürülmüş diaqnostik nümunələr laboratoriyalarda analiz edilib. Virusoloji və bakterioloji müayinələrin aparılması üçün tam təchiz olunan laboratoriyalar bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verib. Ümumiyyətlə, bu laboratoriyaların tətbiqi regionda müxtəlif zoonoz xəstəliklərin yayılması riski olduğu indiki şəraitdə qısa müddət ərzində xəstəliklərin aşkarlanmasına imkan yaradır ki, bu da yüksək hazırlıq səviyyəsi hesab edilir.
Qeyd edək ki, simulyasiya təlimlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, AQTİ-nin, eləcə də Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin aidiyyəti qurumlarının və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.