Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti İtaliyada səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti Teramo şəhərində keçirilən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə Heyvanların Rifahı Platformasının İdarəetmə Qrupunun 27-ci iclasında iştirak edib. İclasda heyvan sağlamlığı və rifahı, qida və beynəlxalq ticarətin təhlükəsizliyi, həmçinin Platformanın fəaliyyət planının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin, Teramoda yerləşən Zooprofilaktika İnstitutunun ekspertləri ilə görüşlər də keçirilib. Görüşlər zamanı Azərbaycanda Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) təkmilləşdirilməsi istiqamətində İtaliya təcrübəsi öyrənilib.
Müzakirələrdə heyvanların fərdi identifikasiyası, elektron qeydiyyatı və məlumat bazalarının idarə olunması, digər informasiya sistemləri ilə inteqrasiya, heyvanların hərəkətinin izlənilməsi, eləcə də HİQS-in rəqəmsal infrastrukturunun inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İtaliya təcrübəsinin öyrənilməsi HİQS-in müasir rəqəmsal həllər əsasında təkmilləşdirilməsinə, heyvan sağlamlığına nəzarətin və qida təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verəcək.