Qurban bayramı ilə
əlaqədar işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında
qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Əhalinin
tələbatı nəzərə alınaraq həmin rayonlarda xüsusi kəsim-satış məntəqələri və ya
çadırları quraşdırılıb.
Həm
məntəqələrdə, həm də səyyar çadırlarda baytarlıq-sanitariya qaydalarına uyğun
şərait yaradılıb, fasiləsiz su təminatı təşkil edilib. Baytarlıq nəzarətindən
keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq
heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb.
Müasir
standartlara cavab verən səyyar heyvan kəsimi çadırlarında Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları da fəaliyyət göstərir.
Qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı halda, daxili
orqanlardan nümunələr götürülərək laboratoriyalarda operativ şəkildə müayinə
aparılacaq.
Qeyd edək ki,
Qurban bayramı günlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyinin Mərkəzi Aparatının regional bölmələri və Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutunun əməkdaşları gücləndirilmiş iş rejimində
fəaliyyətlərini davam etdirirlər.