arrow

Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyə Akkreditasiya Qurumu tərəfindən akkreditasiyadan keçirilib

Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyə Akkreditasiya Qurumu tərəfindən akkreditasiyadan keçirilib
23-12-2022 12:02

Tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq heyvan xəstəliklərinin 39 parametri üzrə beynəlxalq akkreditasiyadan keçirilib. Bununla da, laboratoriya quş, at, iri və xırdabuynuzlu heyvan xəstəlikləri üzrə analizlərin molekulyar genetik (PZR), immunoferment (ELISA) və klassik müayinə metodları ilə aparılması üzrə səlahiyyətlərə malik olacaq. Həmçinin bu akkreditasiya sertifikatı Mərkəzi Baytarlıq Laboratoriyasının sınaq nəticələrinin etibarlılığının beynəlxalq səviyyədə tanınmasını təmin edərək idxal-ixrac məsələlərində müsbət rol oynayacaq.

Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyasında patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir. Laboratoriya mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Mərkəzi Baytarlıq Laboratoriyası Vetqas (Apha Scientific) şirkəti, Pirbrayt İnstitutu (The Pirbright Institute), GD Animal və FAO tərəfindən təşkil edilən bir çox xarici laboratoriyanın qatıldığı səriştəlilik test proqramlarında uğurlu nəticələr göstərən laboratoriyalar sırasında yer alıb.