arrow

Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında yüksək dəqiqlik və etibarlılıq nümayiş etdirib

Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında yüksək dəqiqlik və etibarlılıq nümayiş etdirib
24-10-2025 12:07

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyası dünyanın ən nüfuzlu beynəlxalq qiymətləndirmə proqramlarından biri olan “Fapas” tərəfindən təşkil edilən üç beynəlxalq səriştəlilik sınağında iştirak edərək yüksək dəqiqlik və etibarlılıq nümayiş etdirib.  

Belə ki, sınaq çərçivəsində laboratoriya qida, yem və toxumlarda GMO kəmiyyət analizlərinin təyini sınaqlarında uğurlu göstəricilərə nail olub. Qeyd etmək lazımdır ki, Milli Referens Laboratoriyası ölkə ərazisində GMO-nun unikal identifikatorlarının təyinini həyata keçirən yeganə nüfuzlu laboratoriyadır.

Eyni zamanda, Milli Referens Laboratoriyasında idxal və ixrac olunan məhsullarda aparılan pestisid qalığı müayinələri əsas fəaliyyət istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə kivi püresində Boscalid, Cyprodinil, Fenbuconazole, Fludioxonil, Flufenoxuron, Monocrotophos, Triflumuron təyini üzrə təşkil olunan beynəlxalq səriştəlilik sınağında yüksək nəticələr əldə edilib.

Laboratoriyanın əsas fəaliyyət istiqamətlərindən biri də qida məhsullarında mikotoksinlərin nəzarətdə saxlanılması və təyinidir. Sınaq zamanı meyvə qurularında oxratoksin A, aflatoksin B1 və ümumi aflatoksinlərin təyini üzrə etibarlı nəticələr əldə edilib.

Qeyd edək ki, Milli Referens Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, fiziki-kimyəvi və cihaz müayinələri aparılır.

Laboratoriya ISO/IEC 17025 standartı üzrə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli və Almaniya Federativ Respublikasının nüfuzlu akkreditasiya qurumu olan Deutsche Akkreditierungsstelle GmbH “DAkkS” tərəfindən isə beynəlxalq akkreditasiyadan keçirilib.