Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri davam edir.
Səfərin növbəti günündə nümayəndə heyəti Özbəkistanın Fitosanitar laboratoriyasına baş çəkib. Nümayəndə heyəti laboratoriyanın fəaliyyəti, maddi-texniki bazası, mövcud infrastruktur imkanları, kadr potensialı və tətbiq olunan nəzarət mexanizmləri ilə tanış olub. Eyni zamanda nümunəgötürmə prosesi, laborator müayinələr, fitosanitar risklərin qiymətləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti, həmçinin itlərin iştirakı ilə həyata keçirilən fitosanitar yoxlamaların təşkili, istifadə olunan nəqliyyat vasitələri və beynəlxalq ticarət əməliyyatlarına nəzarət məqsədilə yaradılmış struktur bölmələrin fəaliyyəti ilə tanış olub.
Daha sonra Asiya İnkişaf Bankının ekspertləri ilə onlayn formatda görüş keçirilib. Görüş zamanı Özbəkistan tərəfinin hazırladığı sənəd nəzərdən keçirilib, qida təhlükəsizliyi sahəsində Azərbaycanın təcrübəsi bölüşülüb, həmçinin Özbəkistanda yaradılması planlaşdırılan qurumla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AQTA nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı idarəetmə modelinin Özbəkistanda tətbiqi məqsədilə Daşkənddə işgüzar səfərdədir.