Havaların soyuması ilə əlaqədar qəhvəyi mərmər bağacığının qışlama dövrü başlayır. Bu dövrdə zərərvericinin yetkin fərdləri əlverişli sığınacaq axtararaq yaşayış evlərinə, çardaqlara, anbarlara və digər köməkçi tikililərə üz tuturlar. 300-dən çox bitki növü ilə qidalanan qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı üçün ciddi təhlükə yaradaraq məhsuldarlığın azalmasına və məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olur.
Payız-qış mövsümü zərərvericiyə qarşı profilaktik mübarizə tədbirlərinin həyata keçirilməsi baxımından mühüm dövrdür. Belə ki, qəhvəyi mərmər bağacığı qışlamaq üçün qapı-pəncərə boşluqlarında, divar çatlarında, odun və taxta yığınlarında, eləcə də köhnə paltar, pərdə və karton qutular arasında gizlənir. Bu cür sığınacaqlar zərərvericinin soyuq mövsümdə sağ qalmasına və yaz aylarında yenidən aktivləşməsinə şərait yaradır.
Zərərvericinin qışlama imkanlarının məhdudlaşdırılması üçün vətəndaşların profilaktik tədbirlərdə fəal iştirakı vacibdir. Bu məqsədlə yaşayış evlərində, çardaqlarda, anbarlarda və digər köməkçi tikililərdə mütəmadi təmizlik işləri aparılmalı, qapı-pəncərə boşluqları və divarlardakı çatlar bağlanmalı, pəncərələrə qoruyucu torlar quraşdırılmalıdır. Eyni zamanda, əşyaların arxa hissələri, qaranlıq guşələr və uzun müddət istifadə olunmayan sahələr diqqətlə yoxlanılmalıdır.
Qəhvəyi mərmər bağacığı aşkar edildikdə onun süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi tövsiyə olunur. Xüsusilə qışlama yerlərində toplanmış zərərvericilərin mexaniki üsulla məhv edilməsi onların növbəti vegetasiya dövründə sayının azaldılmasına kömək edə bilər. Yaşayış sahələrində kimyəvi mübarizə tədbirləri isə yalnız mütəxəssis tövsiyəsi əsasında və təhlükəsizlik qaydalarına riayət edilməklə həyata keçirilməlidir.
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat almaq üçün:
"1003 Çağrı Mərkəzi"nə müraciət edə;
+994 77 597 68 63 (Şimal-şərq rayonları üzrə)
+994 77 597 68 64 (Şimal-qərb rayonları üzrə)
Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar xətt”i ilə əlaqə saxlaya bilərsiniz.
Unutmayaq ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə yalnız kənd təsərrüfatı sahələrində deyil, yaşayış və təsərrüfat tikililərində də aparılmalıdır. Vətəndaşların bu prosesdə fəal iştirakı, profilaktik tədbirlərin vaxtında və mütəmadi həyata keçirilməsi zərərvericinin qışlama imkanlarının məhdudlaşdırılmasına, populyasiyasının azalmasına və növbəti vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin qorunmasına mühüm töhfə verə bilər.