Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar mütəxəssisləri tərəfindən maarifləndirici təlimlər davam etdirilir. “Qida sahəsində gigiyena tələbləri” mövzusuna həsr olunmuş növbəti təlimdə iştirakçılara müəssisə fəaliyyətinin qüvvədə olan qanunvericiliyin, eləcə də sanitariya-gigiyena normalarının tələblərinə uyğun şəkildə təşkili barədə ətraflı məlumat verilib.
Təlim çərçivəsində qida təhlükəsizliyində şəxsi gigiyenanın rolu, təmizlik qaydalarına riayət olunmasının əhəmiyyəti xüsusi vurğulanıb. Bununla yanaşı, zərərvericilərə qarşı mübarizə tədbirləri, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları iştirakçılara ətraflı izah edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təlimi uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunub.