Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi tərəfindən qida ilə təmasda olan işçilər üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti onlayn təlim keçirilib. Təlimdə “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə uyğun olaraq işçilərin şəxsi gigiyenası, ziyanvericilərə nəzarət, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları barədə geniş məlumat verilib.
Təlimdə vurğulanıb ki, qida təhlükəsizliyinin qorunmasında işçilərin şəxsi gigiyenası mühüm rol oynayır. İctimai iaşə müəssisələrində çalışan əməkdaşların təmiz iş geyimi geyinməsi, bone və əlcəkdən istifadə etməsi, sahəyə giriş zamanı əllərini dezinfeksiya etməsi vacib tələblər sırasındadır. Bu qaydalara əməl olunmaması qida məhsullarının çirklənməsi və istehlakçının sağlamlığının risk altına düşməsi ilə nəticələnə bilər.
Təlim çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, onların bilik və bacarıqları dəyərləndirilib.