arrow

Qida sahəsində çalışan mütəxəssislər üçün gigiyena təlimi keçirilib

Qida sahəsində çalışan mütəxəssislər üçün gigiyena təlimi keçirilib
17-09-2025 11:49

İstehlakçılara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi üçün qida sahəsində fəaliyyət göstərən müəssisələrin əməkdaşlarının sanitar-gigiyena qaydalarına riayət etməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə məlumatlılığın artırılması və qida təhlükəsizliyinin təmin olunması məqsədilə maarifləndirici tədbirlər davam etdirilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi tərəfindən qida sahəsində çalışan mütəxəssislər üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib. Təlimdə “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə uyğun olaraq işçilərin şəxsi gigiyenası, zərərvericilərə nəzarət, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Təlim zamanı həmçinin mətbəx sahəsində praktiki nümunələr əsasında sahibkarlara əyani izahlar təqdim olunub. Qida təhlükəsizliyinin qorunmasında işçilərin şəxsi gigiyenasının əsas şərtlərdən biri olduğu vurğulanıb. İş geyimindən, bone və əlcəklərdən düzgün istifadə, əllərin yuyulması və dezinfeksiya olunması kimi qaydalar ictimai iaşə müəssisələrində mütləq şəkildə gözlənilməlidir. Qaydalara əməl olunmaması qida məhsullarının çirklənməsinə və istehlakçıların sağlamlığının risk altına düşməsinə səbəb ola bilər. 

Təlim çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, onların bilik və bacarıqları dəyərləndirilib.