AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “Şamaxı Diary Farm” MMC-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlim sahibkarlıq subyektinin əməkdaşlarına müəssisənin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.
Təlimdə iştirakçılar “Qida təhlükəsizliyi haqqında” Qanun və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. Onlara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib.
İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.