Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar təlimçisi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. Təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri ətraflı izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi xüsusi vurğulanıb.
Təlimçi tərəfindən qida zəncirinin bütün mərhələlərində yarana biləcək risklər və onların qarşısının alınması üsulları iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə şəxsi gigiyena qaydalarına əməl olunmasının qida təhlükəsizliyində həlledici rol oynadığı qeyd edilib. Bildirilib ki, qida sahəsində çalışan hər bir əməkdaş təmiz və səliqəli iş geyimindən istifadə etməli, əllərini mütəmadi və düzgün qaydada yumalı, həmçinin əlcək, baş örtüyü kimi qoruyucu vasitələrdən istifadə etməlidir.
Bununla yanaşı, iştirakçılarla interaktiv müzakirələr aparılıb və onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Təlimin əsas məqsədi qida təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması, istehlakçıların sağlamlığının qorunmasına töhfə vermək olub